“Gənc Liderlər üçün Yay Universiteti”nin iştirakçılarına diplomlar təqdim edilib
August 23, 2009 at 13:40 Leave a comment
Gənclər və İdman Nazirliyi, “İrəli” İctimai Birliyi, Gənclər Təşkilatlarının Milli Şurasının təşkilatçılığı ilə Qazax rayonunda keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”inin iştirakçılarına diplomların təltif edilməsi mərasimi keçirilib. APA-nın məlumatına görə, öncə tədbirin gedişindən bəhs edən qısametrajlı telefilm nümayiş olunub.
Sonra çıxış edən “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı deyib ki, layihə çərçivəsində gənc lider üçün ritorika və natiqlik bacarıqları, liderlik təlimləri, işgüzar etiket, layihələrin yazılması və idarə olunması, insan hüquqları, şəbəkələşmə, müasir internet texnologiyaları mövzusunda təlimlər, Azərbaycan tarixinin XX əsri əhatə edən dövrü və azərbaycançılıq ideyası haqqında mühazirələr keçirilib. C. Osmanlı 9 gün davam edən universitetin sərhədyanı bölgə keçirilməsinin əhəmiyyətini də vurğulayıb.
Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu il nazirliyin təşəbbüsü ilə Lənkəranda, Sumqayıtda, Qusarda, Göy-Göldə, Oğuzda, Qazaxda, İsmayıllıda və digər bölgələrdə gənclər üçün təşkil edilən düşərgələrdə 1000-ə yaxın gənc iştirak edib: “Ümid edirəm ki, Qazaxda keçirilən bu tədbir gənclərin liderlik qabiliyyətinin formalaşmasına müsbət təsir göstərəcək, dövlət gənclər siyasətinin əhatə dairəsinin genişlənməsinə şərait yaradacaq”.
Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov gənclərdə liderlik qabiliyyətinin formalaşması üçün zəruri olan amillərdən danışıb. E. Aslanov tədbir iştirakçısı olan 130 gəncin gələcəkdə Azərbaycanın inkişafı üçün lazım olan bütün addımları atacaqlarına ümidvar olduğunu deyib. Sonra layihə iştirakçılarının hər birinə diplom təqdim olunub və xatirə şəkli çəkilib.
Qeyd edək ki, avqustun 8-dən 17-dək Qazaxda yerləşən Milli Olimpiya Kompleksində həyata keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”ndə müxtəlif qurum və təşkilatları, sosial təbəqələri təmsil edən 130 gənc iştirak edib.
Entry filed under: Xəbərlər. Tags: .
Trackback this post | Subscribe to the comments via RSS Feed