10 günlük Yay Universitetinin unudulmaz təəssüratları

August 24, 2009 at 12:59 Leave a comment

“Keçmiş zamanlarda bir kasıb oğlu varlı qızını  sevir, qız da onu sevir. Ancaq qızın ata-anası sevgililəri qovuşmağa qoymur. Çarəsiz qalan oğlan özünü qayadan atıb  öldürür. Qız isə heç kəsə ərə getmir. O, hər gün həmin qayanın başına çıxıb doyunca ağlayır. İllər ötür, qız da dünyadan köçür, sonra həmin qaya dibindən göz verir, damcı-damcı ağlayır. Bu göz iki sevgiliyə, nakam məhəbbətə ağlayır. Damcılı bulaq o qızın göz yaşından əmələ gəlib”.

Damcılı bulaq rəvayətini hələ 6-cı sinifdə oxuyanda tarix müəlliməmdən eşitmişdim və çox istəmişdim ki, o bulağı görüm. Amma qismət olmamışdı. Hələ Damcılı bulağın üzərində ən qədim insan məskənlərinin izini özündə qoruyan mağaranın da olduğunu öyrənəndə Qazağa getmək marağım daha da artmışdı. Bu ilki Yay Universitetinin Qazaxda keçiriləcəyini eşidəndə ilk düşündüyüm şey bu oldu ki, bir gün orta məktəb dərsliyindən adını eşitdiyim bu qədim düşərgəni indi yaxından görmək şansım olacaqdı. Həqiqətən, bunun sevinci, həyəcanı başqa idi. Məni Qazaxda maraqlandıran digər amil isə bu rayonun Azərbaycanın qərbində, Gürcüstan və Ermənistanla sərhəddə yerləşməsi idi. Demək, cəbhə bölgələrinə səfərimiz gözlənilən idi. Mən özüm o günü xüsusi səbirsizliklə gözləyirdim.

Nəhayət, avqustun 8-də Gənclər və İdman Nazirliyinin qarşısından Qazaxda təşkil olunmuş bu ilki yay universitetində iştirak edəcək gənclərin daxil olduğu maşın karvanı yola düşdü. “İrəli” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatlarının Milli Şurasının birgə layihəsi olan “Gənc liderlər üçün yay universiteti”nə xüsusi olaraq seçilmiş bu gənclər müxtəlif ali təhsil müəssisələrində fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatlarını, ictimai birlikləri, KİV-i təmsil edirdilər. Mən də bu gənclər sırasında idim. Avqustun 8-dən 17-dək davam edəcək bu düşərgə üçün hazırlanmış xüsusi proqram iştirakçılara paylandı. Hələ ki, hər şey yaxşı gedirdi. Amma bu, universitetin proqramını əlimə alana qədər davam etdi. Görəndə ki, hər səhər saat 08.00 da oyanmaq lazımdır. Bu, mənim üçün əsl “zərbə” oldu.

Uzun yoldan sonra axşam saatlarında Qazağa çatdıq. Şam yeməyindən sonra iştirakçılar 4 komandaya bölündülər. “Tərəqqi”, “Uğur”, “Etimad” və “İnkişaf” adlı komandaların hər birində 30 iştirakçı vardı. Onu da qeyd edim ki, “İRƏLİ” İctimai Birliyinin indiyə qədər təşkil etdiyi 25-ci düşərgə olmasına baxmayaraq bu yeganə yay universiteti idi ki, jurnalistlər də birbaşa iştirakçı kimi çıxış edirdilər. Avqustun 8-dən 17-dək davam edən yay düşərgəsində hər gün səhər idmanı ilə başlayırdı. Mənim üçün ən cansıxıcı hissə səhər saat 8-də səhər idmanına oyanmaq idi. Doğrudur, təmiz hava qəbul edəndən sonra “yaxşı ki, oyandım” dediyim hallar çox olurdu. Amma axşam yatanda yadıma düşəndə ki, səhər kimsə ayağa qalxana qədər inadla qapını döyəcək, onda heç yatmaq istəmirdim. Qayda belə idi ki, hər səhər bir komandanın üzvləri bütün otaqların qapısını döyüb, hamını oyadırdı. Hələ bir dəfə “Tərəqqi” komandasının üzvü olsam da yanlışlıqla bizimlə eyni hoteldə qalan turistlərin də qapısını döymüşdüm.

Avqustun 9-da Qazax rayonu İcra hakimiyyətinin başçısı Rauf Hüseynovun iştirakı ilə düşərgənin rəsmi açılışı oldu. Fasilədən sonra müxtəlif komandalardan idman yarışlarında iştirak etmək üçün nümayəndələr seçildi. Gender prinsipinə əməl etmək üçün idman yarışının növündən asılı olmayaraq hər tərkibə qızlar da daxil edildi. Onu da qeyd edim ki, bu universitetin iştirakçılarının yarısı qızlardan ibarət idi.

Düşərgədəki ikinci gün natiqlik günü idi. GRBS şirkətindən olan təlimçilər Bəhram Qurbanov və Fidan Əzimlinin liderlik və ritorika haqqında təlimləri ilk dəqiqələrdə maraqsız görünsə də, sonra məni özünə o qədər cəlb etdi ki, nahara belə getmək istəmirdim. Ən maraqlısı isə o oldu ki, liderlərin görüşlərdəki davranışları, bir-birlərinə hansı məsafədən salam vermələri, necə vidalaşmaları və s. hərəkətləri gənc liderlər özləri praktiki olaraq göstərdilər. Günün ikinci yarısında isə işgüzar etiket və effektiv ünsiyyət qaydalarını əhatə edən təlimlər keçildi. Axşam keçirilən futbol çempionatında o qədər “Tərəqqi” qışqırmışdım ki, səsim batmışdı.

Yay Universitetinin hər günü müxtəlif xalqlara mənsub olan rəqslərin göstərilməsilə bitirdi. Gün boyu hər komandadan 2 iştirakçı sərbəst şəkildə müxtəlif rəqslər qururdu. Saat 22-dən 00.00-dək keçirilən diskoda müsabiqə olurdu. Gün boyu müxtəlif təlimlərdə olmuş gənc liderlər üçün bu əyləncəli yarışlar əsl hədiyyə idi.

İki gündən bir “Xəzər” İntellektual Gənclər Klubu İctimai Birliyinin gənc ekspertlərinin komandalar arasında təşkil etdikləri “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibi çox hallarda “Tərəqqi” komandası olurdu. Buna görə iştirakçı Eldar Əmirova borclu idik.

Avqustun 11-də Ağstafaya səfərimiz oldu. Ağstafa deyəndə yadıma “Dilboz” atları düşür. Vaxtilə öz dözümlülüyü və qaçması ilə hər yana səs salmış “Dilboz” atları. Və illərdir bu şöhrətin şəfəqi bütün Qazax-Ağstafa mahalına işıq salır. İndi bu növdən olan atların sayı çox azdır. Kiçik bir araşdırmam nəticəsində mənə məlum oldu ki, hələ Böyük Vətən müharibəsi illərində respublika KP MK-nin bürosu “Dilboz” atları haqqında xüsusi qərar qəbul etmişdi. Qərarda göstərilirdi ki, alman faşistlərinin Qafqaza yaxınlaşması ilə əlaqədar olaraq “Dilboz” cinsli atların qorunması məqsədilə onlar respublikanın mərkəzi rayonlarından birinə köçürülsün və müharibədən dərhal sonra həmin atlar öz yerlərinə qaytarılsın. Və Mərkəzi Komitənin göstərişindən dərhal sonra “Dilboz” atlarını aparıb Şəki rayonundakı Daşüz camışçılıq sovxozuna təhvil veriblər. Amma müharibədən uzun illlər keçəndən sonra belə həmin atları “vətəninə” qaytarmaq yada düşmür. Ağstafada rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşən Yay Universitetinin iştirakçıları bu əvəzsiz sərvətin yenidən bu rayona qaytarılması və bəslənib artırılması üçün hansı işlərin görülməsi ilə maraqlandılar. İcra başçısının cavabı belə oldu: “Qazax və Ağstafa bölgəsində məşhur olan “Dilboz” cins atlarının sayının artırılması üçün də rayonda lazımi işlər görülür. Bu, həm rayonumuzun atçılıq ənənəsini yaşatmaq, həm də əhalinin işlə təmin olunması baxımından böyük əhəmiyyətə malikdir”.

Yay universiteti çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Şəmkir Sərhəd Dəstəsinin Şəmkir rayonunda yerləşən “N” saylı hərbi hissəsində sərhədçilərlə bir gün keçirdik. Yalnız bu vaxt əsgərlərin nə qədər böyük məsuliyyət daşıdığını həqiqətən hiss edə bildim. Millət vəkili Qənirə Paşayevanın da qatıldığı tədbir zamanı hərbi səhra şəraitində nahar etdik. Yediyim borşun dadı heç vaxt damağımdan getməyəcək. Sonra bizi hərbi hissə ilə – əsgərlər üçün yaradılmış şəraitlə tanış etdilər. Hərbi hissədə Heydər Əliyev Mərkəzi, qərargah, əsgər yeməkxanası, yataqxana, tibb məntəqəsi, idman meydançası ilə tanışlıq xüsusən maraqlı oldu. Aramızda hərbi xidməti bitirmiş iştirakçılar da vardı. Amma növbəti çağırışda hərbi xidmətə hazırlaşan gənclər də az deyildi. Əminəm ki, hərbi hissədə bu bir neçə saatlıq gəzinti onlarda əsgər olmağın məsuliyyəti haqda az da olsa assosiasiya yarada bildi. Bunu onların hərəkətlərindən – üstü örtülü yatağı açıb yorğanın altına maraqla baxmalarından, anbara girib oradakı şəraitlə tanış olmaq istəmələrindən də hiss etmək olardı. Hərbi hissədə olduğumuz müddətdə gənc əsgərlərin andiçmə mərasiminə hazırlıq prosesinə də tamaşa etdik.

Sabahı gün sərhədyanı bölgələrə səfərimiz oldu. Əzəmətli Göyəzən dağının tərifini çox eşitmişdim. Amma onu yaxından görəndə bu təriflərin nə qədər yerində və haqlı olduğunu anladım. Göyəzən dağından qarşıya baxanda kameranın böyüdücüsündən dağın üzərindəki erməni postunu görəndə yaşı 90-nı ötmüş nənəmin dərdini yaxşı başa düşdüm. İndi bizi doğma torpaqlardan daha az məsafə ayırırdı. Görəndə ki, qarşıdakı torpaqlar, kəndlər sənindir, amma sənin ora yaxınlaşmaq ixtiyarın yoxdur, onda insanın keçirdiyi hisslər tamam fərqli olur. Amma hələ də insanların bu bölgələrdə-hər an erməni atacaq qorxusu altında yaşamalarını görəndə çox böyük qürur hissi keçirdim.

Daha sonra yolumuzu Damcılıdan saldıq. Daş məmulatının hazırlanma texnikası, formasına görə tarixçilər tərəfindən Orta Paleolit, Üst Paleolit, Mezeolit və Neolit dövrünə aid edilən bu mağara-düşərgə Qazax rayonunun Daş salahlı kəndində Aveydağın cənub-şərqində, əhəng qayalığın altında yerləşir. Damcılıya çatan kimi ilk elədiyimiz hərəkət qayaların arasından, təbii çatlardan damcı-damcı süzülən sudan içmək üçün növbəyə düzülmək oldu. Doğrudur, qayaların üzərindəki lövhədə “buradan axan suyu yığıb içmək olmaz” yazılsa da buna fikir vermədik. Qazağa gedəsən, Damcılı bulağın suyundan içməyəsən məncə, bu özü “qəbahət” olar. Ona görə demək olar ki, hamımız stəkana damcı-damcı yığılmış bu sudan daddıq.

Yarımdairəvi şəkildə olan bu mağaranın ön hissəsi dağılıb. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Diqqətimi yalnız qabaq hissədə təxminən 3 metr yuxarıda görünən balaca mağara qapısı çəkdi. Ona yaxından baxmaq imkanımız olmasa da, hər halda bu qapının sonradan açılması fikri mümkünsüzdü. Aveydağ mağaralar qrupundan ən irisi olan Damcılıda hava çox təmiz idi. Bura çatanda bizi zurna, balabanla qarşılayan kənd sakinlərinin mehriban davranışı hər şeyi daha da gözəlləşdirirdi. Belə səmimi qarşılanma hamımız üçün gözlənilməz oldu. İştirakçılardan birinin yanındakı yoldaşına çevrilib “heç hərbi xidmətdən gələndə evdəkilər məni belə qarşılamamışdılar” deməsi düşündüklərimi bir daha sübut edir.

Damcılı düşərgəsində “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, teleaparıcı Qulu Məhərrəmli və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının oxuduqları sonuncu mühazirələr mənim üçün bəlkə də indiyə qədər olan ən səmimi söhbətlər idi. Hər üç ekspert əvvəlcədən bildirmişdilər ki, bir neçə ildən sonra Azərbaycanın ictimai-siyasi həyatında iştirak edəcək gənclərə bütün problemlərimizi çəkinmədən açıq danışmalıyıq və belə də oldu.

“Televiziyalar yeni açılanda qəzetlər telekanallara, telekanallar isə indi xəbəri operativ çatdırmaq baxımından agentliklərə uduzurlar”. Qəzetlərin bu günki funksiyalarını Rəşad Məcidin bu fikri tam dəqiq ifadə edirdi. “Qəzet artıq faktların, xəbərin alt qatını göstərən mətbu orqan olmalıdır” deyən Rəşad Məcid qəzetlərin reklam bazarının zəif olmasına da toxundu.

Mən bu Yay Universitetindən sözün həqiqi mənasında zövq aldım. Hər bir iştirakçıya göstərilən qayğı, diqqətdən isə tam razı qaldıq. Bir dəfə iştirakçılardan birinin başım ağrıyır deməsi kifayət idi ki, Qazax Olimpiya kompleksinin rəhbəri Taleh Məmmədov özü şəxsən mərkəzə gedib dərman alsın.

Gənc liderlər üçün Yay Universitetinin sonuncu – onuncu günü avqustun 18-də Bakıda qeyd edildi. Gənclər və İdman naziri Azad Rəhimovun iştirakı ilə gənc liderlərə diplomlar təqdim edildi.

Sonda “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlının bir fikrini qeyd etmək istərdim. “Bu Yay Universitetinin Azərbaycanın ən qərbində başlayıb ən şərqində bitməsi insanların inkişaf üçün keçdikləri uzun yolun simvoludur.”

Keçirilən hər bir təlim, görüş gənc liderlərdə xoş təəssürat oyadırdı. Həmişə əlçatmaz hesab etdiyimiz insanlardan indi üz-üzə oturub səmimi şəkildə maraqlandığımız sualllara cavab alırdıq. Həm də görüşdüyümüz siyasətçilərdən incə manevrlərlə sualdan necə yayınmağın yollarını öyrəndik.

Bütün bunlar üçün layihənin təşəbbüskarı olan “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlıya xüsusi təşəkkürümü bildirirəm. Çalışdım ki, hər şeyi olduğu kimi yazım.

Kəmalə  TOFİQQIZI
Bakı-Qazax-Ağstafa-Şəmkir- Qazax-Bakı

Entry filed under: Təəssürat.

“Gənc Liderlər üçün Yay Universiteti”nin iştirakçılarına diplomlar təqdim edilib The Summer University begins from us / by Suada Mamedova

Leave a comment

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


Bu blog 8-17 Avqust 2009-ci il tarixləri arasında Qazax rayonunda yerləşən Milli Olimpiya Kompleksində “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının birgə təşkil etdiyi “Gənc Liderlər üçün Yay Universiteti” adlı layihənin tərkib hissəsidir.
August 2009
M T W T F S S
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Pages

Categories

  • 2,915 hits